BAKI, 13 yanvar. TELEQRAF

İtaliyanın Kastilyon-Fyorentino kommunasında 2026-cı ilin əvvəlindən etibarən naməlum epidemiya nəticəsində azı 14 nəfər həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə kommunanın meri Mario Anyelli açıqlama verib.

Mer bildirib ki, vəziyyət son dərəcə qeyri-adidir: “Belə hal indiyədək heç vaxt baş verməyib, hətta COVID-19 pandemiyası dövründə də. Bununla belə, biz Arezzo əyalətində bu hadisənin müşahidə edildiyi yeganə şəhər deyilik”, - deyə Anyelli qeyd edib.

"Corriere Fiorentino" nəşrinin məlumatına görə, ilin ilk 10 günü ərzində qeydə alınan 14 ölüm, 2025-ci ildə kommunada baş vermiş 133 ölümün 10 faizindən çoxunu təşkil edir.

Məqalədə ehtimal edilir ki, bu ölümlər ya təsadüfi və son dərəcə uğursuz zaman kəsiyi ilə bağlıdır, ya da son dövrlərdə müşahidə olunan soyuq hava şəraiti və qrip dalğası ilə əlaqəlidir. Xüsusilə həssas əhali qruplarının risk altında olduğu vurğulanır.

“Hazırda səbəbi izah edilə bilməyən anormal vəziyyətlə üz-üzəyik. Lakin bunun səbəbləri mütləq araşdırılmalıdır”, – deyə nəşr yazır.