BAKI, 13 yanvar. TELEQRAF

Qrenlandiya hökuməti ABŞ Prezidenti Donald Trampın adaya nəzarəti ələ keçirmək niyyəti ilə bağlı açıqlamalarına sərt reaksiya verərək bildirib ki, bu cür ssenari heç bir halda qəbul edilə bilməz.

Teleqraf xəbər verir ki, özünüidarəetmə statusuna malik və Danimarka Krallığının tərkib hissəsi olan Qrenlandiya məsələ ilə bağlı rəsmi bəyanat yayıb.

Bəyanatda vurğulanır ki, Qrenlandiya Danimarka Krallığının bir hissəsi kimi NATO-nun üzvüdür və adanın müdafiəsi alyans çərçivəsində təmin edilməlidir. Qrenlandiya hakimiyyəti qeyd edib ki, ada Qərb müdafiə alyansının ayrılmaz hissəsi olaraq qalacaq və bütün NATO üzvləri, o cümlədən ABŞ onun təhlükəsizliyində ortaq maraqlara malikdir.

Məlumata görə, Tramp strateji mövqeyə və zəngin təbii ehtiyatlara malik adaya nəzarətin Arktikada təhlükəsizliyi artırmaq üçün vacib olduğunu iddia edib və ABŞ-nin Qrenlandiyanı bu və ya digər yolla əldə edəcəyini bəyan edib. Bu açıqlamalar Aİ və NATO daxilində ciddi narahatlıq yaradıb.