BAKI, 13 yanvar. TELEQRAF

Xəbər verdiyimiz kimi, İspaniyanın “Real Madrid” klubu baş məşqçisi Xabi Alonso ilə yollarını ayırıb.

Teleqraf xəbər verir ki, 44 yaşlı mütəxəssisin gedişi İspaniya Superkubokunun finalında “Barselona”ya məğlubiyyətdən (2:3) cəmi 24 saat sonra reallaşıb.

Beləliklə, “kral klubu”nun son 23 ildə heç bir ispan məşqçinin ən azı bir tam mövsüm vəzifədə qala bilməməsi ənənəsi davam edib. 2025-ci ilin iyununda işə başlayan Alonso cəmi 7,5 ay postunda qala bilib.

Xabi Alonsonun rəhbərliyi altında “Real Madrid” 28 rəsmi oyuna çıxıb, bu qarşılaşmalarda 20 qələbə qazanıb və 5 məğlubiyyətlə üzləşib.

Klub rəhbərliyi boş qalan baş məşqçi postuna dərhal yeni təyinat edib. Komandanın sükanı yenə bir ispana - klubun əfsanəvi futbolçularından olan və gənclər komandasında (“Kastilya”) çalışan Alvaro Arbeloaya tapşırılıb.

Qeyd edək ki, 2003-cü ildə Vitsente del Boskenin gedişindən sonra Madrid təmsilçisini çalışdıran heç bir yerli mütəxəssis (Xose Antonio Kamaço, Mariano Qarsiya Remon, Xuan Ramon Lopes Karo, Xuande Ramos, Rafael Benites, Xulen Lopeteqi) bir mövsümü tam başa vura bilməyib.