BAKI, 13 yanvar. TELEQRAF

Venesuela prezidentinin səlahiyyətli nümayəndəsi Delsi Rodrigez Avropa ölkələrinin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüş keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Xil Pinto ölkənin dövlət televiziya kanalı vasitəsilə məlumat verib.

Nazirin sözlərinə görə, görüş Miraflores sarayında baş tutub. Delsi Rodrigez bildirib ki, dövlətlər arasında qarşılıqlı hörmət və bərabərlik prinsipləri qorunduğu təqdirdə Avropa və Venesuela xalqlarının rifahına yönəlmiş gündəliyin həyata keçirilməsi mümkündür.

“Əməkdaşlığın bütün sahələrini əhatə edən dialoqun qurulması istiqamətində çox maraqlı yeni mərhələ başlayır və bu, şübhəsiz ki, xalqımızın xeyrinə olacaq”, – deyə Xil Pinto qeyd edib.

Onun sözlərinə görə, görüş zamanı ticarət əlaqələri, elm və texnologiya sahəsində əməkdaşlıq, iqtisadi münasibətlər və digər istiqamətlər müzakirə olunub. Nazir Venesuela hökumətinin diplomatik prinsiplər çərçivəsində dünyanın bütün xalqları ilə çiyin-çiyinə işləməyə hazır olduğunu vurğulayıb.

Görüşdə Avropa İttifaqı ölkələri ilə yanaşı Böyük Britaniya və İsveçrə diplomatları da iştirak ediblər. Tədbirə həmçinin Venesuela Milli Assambleyasının sədri Xorxe Rodrigez və hakim Vahid Sosialist Partiyasının baş katibi, daxili işlər naziri Diosdado Kabelyo qatılıb.