BAKI, 13 yanvar. TELEQRAF

İranda son beş gün ərzində davam edən iğtişaşlar zamanı 500-dən çox insan həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" ölkənin təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, son beş gündə hüquq-mühafizə orqanlarının əməkdaşları və mülki şəxslər daxil olmaqla 500-dən artıq insan həyatını itirib, yüzlərlə mülki şəxs isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumata əsasən, ölənlər arasında polis əməkdaşları, "İslam İnqilabı Keşikçiləri Korpusu"nun (SEPAH) və “Bəsic” qüvvələrinin 110 əməkdaşı var.

Təhlükəsizlik orqanlarındakı mənbə qeyd edib ki, iğtişaş iştirakçıları odlu silahdan, bıçaqlardan və əldəqayırma partlayıcı qurğulardan istifadə edərək mağazalara, anbarlara və hökumət binalarına hücum ediblər.

Xatırladaq ki, bundan əvvəl İran rəsmiləri ölkədə etirazlarla bağlı vəziyyətin tam nəzarət altına alındığını açıqlamışdı.