BAKI, 13 yanvar. TELEQRAF

Ukrayna Türk Dövlətləri Təşkilatının (TDT) potensialını yüksək qiymətləndirir və "TDT+" formatının inkişafını alqışlayır.

Bu barədə Teleqraf-a müsahibəsində Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev bildirib.

Onun sözlərinə görə, müharibə başlamazdan əvvəl Ukrayna TDT ilə əməkdaşlığın dərinləşdirilməsi formatlarını nəzərdən keçirib və bu məsələ hazırda da gündəmdə qalmaqdadır:

"Krım tatarları Ukraynanın yerli türk xalqıdır və Krım tatar dili Azərbaycan dilinə çox yaxındır. Bu baxımdan Ukrayna TDT-yə üzv dövlətlərlə, xüsusilə iqtisadiyyat, energetika, ticarət, logistika, nəqliyyat, təhsil və mədəniyyət sahələrində praktiki əməkdaşlıqda maraqlıdır".

Ukraynanın əsas prioritetinin ədalətli sülhə nail olmaq və ölkənin bərpası olduğunu vurğulayan diplomat əlavə edib ki, Ukrayna, Azərbaycan və Türkiyə kimi uzunmüddətli strateji tərəfdaşlar arasında əməkdaşlığın, eləcə də TDT ilə münasibətlərin dərinləşdirilməsinin Xəzər-Qara dəniz regionunda regional təhlükəsizliyin möhkəmləndirilməsinə və iqtisadi inkişafın sürətlənməsinə töhfə verəcəyinə əmindir.