BAKI, 13 yanvar. TELEQRAF

İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ölkə üzrə keçirilən kütləvi mitinqlərin İrana qarşı yönəlmiş xarici planların qarşısını aldığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə "Al Mayadeen" məlumat yayıb.

Xamenei ümumxalq yürüşlərindən sonra yayımladığı müraciətdə baş verənləri böyük bir addım və tarixi gün kimi qiymətləndirib. Onun sözlərinə görə, bu aksiyalar daxildən cəlb edilmiş muzdlu qüvvələr vasitəsilə həyata keçirilməsi planlaşdırılan xarici ssenarini iflasa uğradıb.

Ali Rəhbər vurğulayıb ki, kütləvi mitinqlər İran xalqının kimliyini, əzmini və birliyini açıq şəkildə nümayiş etdirib və bu, ölkənin düşmənlərinə aydın mesajdır.

Xamenei ABŞ siyasətçilərinə də müraciət edərək, onları aldadıcı siyasətdən və xəyanətkar muzdlu qüvvələrə arxalanmaqdan imtina etməyə çağırıb. O bildirib ki, İran xalqı güclüdür, düşmənlərə qarşı ayıq-sayıqdır və bütün sahələrdə fəal mövqedə qalır.