BAKI, 13 yanvar. TELEQRAF

Venesuela Silahlı Qüvvələri ABŞ-nin hərbi əməliyyatı zamanı Rusiyaya məxsus S-300 zenit-raket sistemi və “Buk” hava hücumundan müdafiə komplekslərindən istifadədə kifayət qədər səriştəli olmayıb. Nəticədə ölkənin hava məkanı ciddi şəkildə zəifləyib.

Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" amerikalı rəsmilər və hərbi ekspertlərə istinadən məlumat yayıb.

Nəşrin iddiasına görə, ABŞ-nin mümkün hərbi müdaxiləsi ilə bağlı aylarla əvvəl edilən xəbərdarlıqlara baxmayaraq, Venesuelanın hava hücumundan müdafiə sistemləri radar şəbəkəsinə tam şəkildə qoşulmayıb. Bundan başqa, PVO sistemlərinin bəzi vacib komponentləri hücum zamanı anbarlarda saxlanılıb və işlək vəziyyətdə olmayıb.

Məqalədə vurğulanır ki, bütün bu amillər Venesuelanın ABŞ-nin hərbi müdaxiləsinə faktiki olaraq hazır olmadığını göstərir.

Qeyd edək ki, bundan əvvəl "New York Post" ABŞ-nin Venesuela əməliyyatı zamanı məxfi silahdan istifadə etdiyini yazmışdı.