BAKI, 13 yanvar. TELEQRAF
İsrail ordusu İranda baş verən etiraz aksiyaları fonunda mümkün gözlənilməz ssenarilərə qarşı tam hazırlıq vəziyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi, briqada generalı Efi Defrin açıqlama verib.
Onun sözlərinə görə, İsrail ordusu həm müdafiəyə hazırdır, həm də istənilən gözlənilməz inkişaf ssenarisinə operativ reaksiya vermək imkanına malikdir. General bu fikirləri İsrail Müdafiə Qüvvələrinin rəsmi mövqeyi kimi sosial şəbəkə "X"də paylaşıb.
Efi Defrin İranda baş verən etirazları İranın daxili işi kimi qiymətləndirdiklərini də vurğulayıb.
Bununla yanaşı, o, ictimaiyyətə müraciət edərək təsdiqlənməmiş məlumatlara etibar etməməyə çağırıb. General bildirib ki, son günlər İrandakı vəziyyətlə bağlı çoxsaylı şayiələr yayılıb:
“Biz vəziyyəti mütəmadi olaraq qiymətləndiririk və hər hansı dəyişiklik olacağı təqdirdə bu barədə məlumat verəcəyik. Bir daha vurğulayıram: şayiələrə aldanmayın”, - deyə Defrin qeyd edib.