BAKI, 13 yanvar. TELEQRAF
Moskva şəhərində keçirilən məhkəmə iclasında 2-ci Qərb Dairə Hərbi Məhkəməsi “Krokus Siti Holl”da törədilmiş terror aktı ilə bağlı cinayət işi üzrə əsas fiqurlardan biri – Dalerjon Mirzoyevin dindirilməsinə başlayıb.
Teleqraf xəbər verir ki, məhkəmə prosesində iştirak edən mənbənin TASS-a bildirdiyinə görə, Mirzoyev ifadəsi zamanı terror aktını törətdiyi anda Rusiya hüquq-mühafizə orqanlarının hədəfinə çevriləcəyini dərk etdiyini deyib.
Mənbənin sözlərinə görə, Mirzoyevin ifadələrindən belə nəticə çıxır ki, terror aktı zamanı bütün silahlılar düyməli mobil telefonlardan istifadə ediblər.
Bildirilib ki, hazırda Rusiyadan kənarda olan və axtarışda saxlanılan terrorçuların kuratoru Sayfullo Mirzoyevə bütün məsələlərdə iş üzrə əsas fiqur Şəmsiddin Fariduninin göstərişlərinə tabe olmağı əmr edib. İstintaqın əvvəlki mərhələlərində müəyyən edilib ki, Sayfullo silahlıların cəlb olunması, təlimatlandırılması, silah əldə edilməsi, hücum obyektlərinin seçilməsi və hücumdan sonra geri çəkilmə marşrutlarının hazırlanması ilə məşğul olub.
Mirzoyev məhkəmədə həmçinin təsdiqləyib ki, terror aktından əvvəl Fariduni silahlıları narkotik maddə qatılmış su içməyə məcbur edib. Dindirilən əsas fiqurlardan biri əvvəl verdiyi ifadələri tam şəkildə təsdiqləyərək, “Krokus”da ziyarətçilərin hansı silahlarla və necə öldürüldüyü barədə detalları da xatırladığını bildirib.
Qeyd edək ki, “Krokus Siti Holl”da törədilmiş terror aktı nəticəsində 149 nəfər həlak olub. Cinayət işi üzrə ümumilikdə 19 nəfər təqsirləndirilir. Daha əvvəl məhkəmə işin digər əsas fiqurunu – Şəmsiddin Faridunini dindirib.
Məlumata görə, 35 yaşlı Dalerjon Mirzoyev son 15 il ərzində bir neçə dəfə Rusiyaya səfər edib, bu müddət ərzində dəfələrlə miqrasiya qanunvericiliyini pozub, inzibati məsuliyyətə cəlb olunub və sonradan deportasiya məqsədilə müvəqqəti saxlanma mərkəzinə yerləşdirilib.