BAKI, 13 yanvar. TELEQRAF
NATO-da ABŞ-nin Qrenlandiyaya mümkün hücumu halında alyansın mövcudluğunu dayandıracağı qənaəti formalaşıb.
Teleqraf xəbər verir ki, bu barədə "Politico" nəşri NATO-dakı adının açıqlanmasını istəməyən diplomata istinadən yazıb.
Məqalədə qeyd olunur ki, 1949-cu il tarixli NATO-nun təsis müqaviləsində alyansın bir üzvünün digər üzvə qarşı hücum etməsini nəzərdə tutan heç bir müddəa yoxdur. Diplomatın sözlərinə görə, belə bir ssenari alyansın hüquqi və siyasi əsaslarını tamamilə sıradan çıxarar.
“Bu, alyansın sonu demək olardı”, - deyə məqalədə vurğulanır.
Xatırladaq ki, daha əvvəl alman politoloq Aleksandr Rar Avropanın əsas qorxusunun Qrenlandiyanın itirilməsi deyil, məhz NATO-nun dağılması olduğunu bildirmişdi.