BAKI, 9 yanvar. TELEQRAF
Qərb ölkələri regional məsələləri müstəqil şəkildə həll etməyə çalışan Xəzəryanı dövlətlərin siyasətinə müdaxilə etməməlidir.
Teleqraf xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali TASS-a müsahibəsində bildirib.
Səfirin sözlərinə görə, İran Xəzər dənizi ilə bağlı əməkdaşlığın yalnız beş sahilyanı ölkə, Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan arasında aparılmasının tərəfdarıdır:
"Tehranın və Moskvanın mövqeyinə əsasən, Xəzər dənizinin təhlükəsizliyi və resurslarının idarə olunması regiondankənar və xarici güclərin iştirakı olmadan təmin edilməlidir. Bu məqsədlə Xəzəryanı ölkələr bir neçə istiqamətdə əməkdaşlıq edir. Bunlara xarici işlər nazirlərinin mütəmadi görüşləri və Xəzəryanı dövlətlərin sammitləri vasitəsilə təhlükəsizlik, ətraf mühitin mühafizəsi və iqtisadi sahələrdə koordinasiyanın gücləndirilməsi daxildir".
O, əlavə edib ki, 2018-ci ildə imzalanmış "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya" əsasında ümumi hüquqi çərçivənin formalaşdırılması dənizdə qeyri-sahilyanı dövlətlərin hərbi mövcudluğunun qarşısını almağa xidmət edir.