İtaliyanın Alp dağlarında, Monte Moro aşırımı ərazisində yerləşən Makunyaya (Macugnaga) xizək kurortunda kanat yolunda qəza baş verib. Hadisə nəticəsində təxminən 100 nəfər 2 800 metr yüksəklikdə kanat yolunda ilişib qalıb, xəsarət alanlar var.
Teleqraf xəbər verir ki, bu barədə "euronews" məlumat yayıb.
İlkin məlumatlara əsasən, ən azı dörd nəfər xəsarət alıb.
Bildirilir ki, saat 11:25 radələrində kabinlərdən biri qalxma zamanı normadan artıq sürətlə hərəkət edib və stansiyaya daxil olarkən vaxtında dayana bilməyərək mühafizə baryerinə çırpılıb. Eyni vaxtda stansiyaya qarşı tərəfdən yalnız sürücünün olduğu digər kabin daxil olub, sürücü də yüngül xəsarət alıb.
Hadisədən sonra xizək trasları bağlanıb, kanat yolu tam dayandırılıb. Yüksəklikdə 94 turist (o cümlədən uşaqlar) və 5 işçi bloklanmış vəziyyətdə qalıb. Əraziyə dağ-xilasetmə xidmətləri, təcili yardım əməkdaşları, karabinyerlər və yanğınsöndürənlər cəlb olunub. İnsanların təxliyəsi vertolyotlarla həyata keçirilib və hamı təhlükəsiz yerə çatdırılıb.
Qeyd olunur ki, Makunyaya kanat yolu 1962-ci ildə inşa edilib və 2023-cü ildə region və bələdiyyənin dəstəyi ilə 2 milyon avro dəyərində əsaslı təmir olunub, mühərriklər və kabinlər yenilənib.