BAKI, 20 dekabr. TELEQRAF

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Suriyada İŞİD-in mövqelərinə qarşı genişmiqyaslı hərbi əməliyyat keçirib.

Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-nin müdafiə naziri Pit Heqset sosial şəbəkə hesabında əməliyyatın “Hawkeye Strike” (“Şahin zərbəsi”) adlandırıldığını açıqlayıb. Onun sözlərinə görə, bu əməliyyat müharibənin başlanğıcı deyil və qisas xarakteri daşıyır.

ABŞ Mərkəzi Komandanlığının məlumatına əsasən, ötən həftə Palmira yaxınlığında iki amerikalı hərbçinin və bir mülki tərcüməçinin öldürülməsinə cavab olaraq Suriyada İŞİD-ə məxsus 70 hədəfə 100-dən çox yüksək dəqiqlikli zərbə endirilib.

Qeyd edək ki, dekabrın 13-də Suriyanın mərkəzində yerləşən Palmira şəhəri ərazisində ABŞ və Suriya hərbçiləri hücuma məruz qalıb. Daha sonra Pentaqonun mətbuat katibi Şon Parnell hücum nəticəsində iki amerikalı hərbçinin və bir mülki tərcüməçinin həlak olduğunu açıqlamışdı.