BAKI, 20 dekabr. TELEQRAF

Hindistanın 202 vətəndaşı Rusiya Silahlı Qüvvələri tərəfində “xüsusi hərbi əməliyyat”da iştirak edib.

Teleqraf” “gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Hindistanın xarici işlər naziri Kirti Vardhan Sinq parlamentin sorğusuna verdiyi yazılı cavabında bildirib.

Sənəddə qeyd olunub ki, bu şəxslər Rusiya ordusuna cəlb ediliblər. Hindistan hökumətinin səyləri nəticəsində onlardan 119-u vaxtından əvvəl tərxis olunub. 26 nəfər həlak olub, 7 nəfər isə itkin düşüb.

Hazırda Yeni Dehli daha 50 nəfərin vaxtından əvvəl tərxis olunmasını tələb edir.

Sinq bildirib ki, Hindistan Xarici İşlər Nazirliyi vəfat etmiş 10 hindistanlının nəşinin vətənə gətirilməsinə, eləcə də iki nəfərin kremasiyasını asanlaşdırıb.

Həlak olmuş və ya itkin düşmüş 18 hindistanlının ailə üzvlərindən götürülmüş DNT nümunələri bəzi xarici ölkə vətəndaşlarının şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədilə Rusiya hakimiyyətinə təqdim edilib.

Yeni Dehlidə iddia ediblər ki , hindistanlılar Ukraynada döyüş əməliyyatlarında iştirak etməyə iş təklifləri və ya Rusiya universitetlərinə qəbulda kömək vədləri vasitəsilə cəlb olunurlar.