BAKI, 20 dekabr. TELEQRAF

“SSRİ ordusu Əfqanıstan müharibəsi zamanı nə zəhərləyici qazlardan, nə də napalm kimi öldürücü yandırıcı qarışıqlardan istifadə edib.”

Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin 2000–2015-ci illərdə Hərbi Əks-Kəşfiyyat Departamentinin rəhbəri olmuş general-polkovnik Aleksandr Bezverxniy bildirib.

Onun sözlərinə görə, SSRİ-nin cənub sərhədlərində sabitliyin pozulması üçün əsas meydan Əfqanıstan olub və xarici xüsusi xidmət orqanları bu ölkəyə qarşı faktiki olaraq müharibə aparıblar. Onların iştirakı ilə Əfqanıstan və ona bitişik ərazilərdə silahlı qruplaşmaların hazırlanması üçün bazalar yaradılıb. Bu şəraitdə SSRİ 1979-cu ilin dekabrında Əfqanıstana məhdud hərbi kontingent göndərmək qərarı verib və həmin kontingentin tərkibində hərbi əks-kəşfiyyat əməkdaşları da olub.

Əlavə olaraq A.Bezverxniy qeyd edib ki, Qərbdə müəyyən dairələr Əfqanıstan cəmiyyətində SSRİ barədə mənfi rəy formalaşdırmağa çalışıblar. Onun sözlərinə görə, həmin dövrdə yayılan antiharibə yönümlü Britaniya plakatlarının birində 1979-cu ildən sonra Əfqanıstan əhalisinin milyonlarla itki verdiyi, bunun isə guya sovet ordusunun bombalardan, zəhərləyici qazlardan və napalmdan istifadə etməsi ilə əlaqələndirildiyi iddia olunurdu.

General-polkovnik bu iddiaların həqiqətə uyğun olmadığını vurğulayaraq, Sovet ordusunun napalmdan istifadə etmədiyini dilə gətirib:

“Zəhərləyici qazlardan istifadəyə gəlincə isə, Qırmızı Ordu belə vasitələrdən hətta Böyük Vətən müharibəsi dövründə də istifadə etməyib”. -deyə o qeyd edib.

O, həmçinin xatırladıb ki, napalm ABŞ hərbçiləri tərəfindən icad edilib və bu yandırıcı qarışıq İkinci Dünya müharibəsi, Koreya müharibəsi və xüsusilə Vyetnam müharibəsi zamanı geniş şəkildə istifadə olunub.