BAKI, 18 dekabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə yeni yaradılmış “Prezidentlərin Şöhrət Xiyabanı”nda bütün əvvəlki prezidentlərin portretləri ilə birlikdə, onların nailiyyətləri və uğursuzluqları barədə əsas məlumatları əks etdirən lövhələr yerləşdirməyi əmr edib.

Teleqraf xəbər verir ki, ABŞ-nin 46-cı prezidenti Co Baydenə həsr olunan lövhədə isə o, Amerika tarixinin ən pis lider kimi təqdim olunub.

Lövhənin mətnində deyilir:

“Yuxulu Co Bayden şübhəsiz ki, ABŞ tarixinin ən pis prezidentidir. Baydenin rəhbərliyi misilsiz fəlakətlərin ardıcıllığıdır, bu, ölkəmizi məhv olma təhlükəsi ilə üz-üzə qoyub. Onun siyasəti ən yüksək inflyasiyaya səbəb olub”.

ABŞ-nin 44-cü prezidenti Barak Obama da portreti altında yazıyerləşdirilmiş lövhədə tənqid olunur. Mətnə görə, o, ABŞ tarixinin ən mübahisəli siyasi fiqurlarından biridir. Xüsusilə onun pis səhiyyə islahatı tənqid edilir, həmçinin onun 2016-cı ildə keçirilmiş prezident seçkilərinə Rusiyanın müdaxiləsi iddialarının təşviqində iştirakına da toxunulur.

Kiçik Corc Buş beynəlxalq terrorizmə qarşı mübarizəsi ilə güclü prezident kimi təsvir olunur, amma ABŞ-nin Əfqanıstan və İraqdakı hərbi kampaniyaları tənqid olunur. Bill Klinton cinayətkarlığa qarşı mübarizədə və sosial təminat sistemi islahatlarında nailiyyətləri ilə xatırlanır, amma 1990-cı illərdə bir neçə qalmaqalda iştirakına da işarə edilir. Ona həsr olunan lövhədə ayrıca bildirilir ki, 2016-cı ildə prezident Klintonun həyat yoldaşı Hillari ABŞ prezident seçkilərində Donald Trampa uduzub.

Böyük Corc Buş ekoloji tənzimləmələrin gücləndirilməsinə, Ronald Reyqan iqtisadi siyasətinə, Lindon Conson qaradərililərin hüquqlarını təmin edən qanunlara, Con Kennedi Soyuq müharibədəki roluna, Riçard Nikson isə xarici siyasət uğurları və Uoterqeyt qalmaqalına görə yüksək qiymətləndirilib. 7-ci prezident Endryu Cekson haqqında isə qeyd olunur ki, o, mətbuat tərəfindən ədalətsiz tənqid edilsə də, Avraam Linkoln və Donald Tramp qədər sərt və ədalətsiz olmayıb.