BAKI, 15 dekabr. TELEQRAF
Amerikalı milyarder Bill Ekman Sidneydə baş verən terror aktı zamanı hücum edənlərdən birini zərərsizləşdirən şəxsə 100 min dollar ianə edib.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Ekman "GoFundMe" platformasında təşkil olunan yardım kampaniyasının əsas sponsoru olub və təşəbbüs çərçivəsində 99 999 dollar köçürüb. Hazırda toplanan vəsaitin ümumi həcmi 170 min dolları ötüb.
Vəsait Sidneydə "Bondi Beach" çimərliyində baş verən hücum zamanı terrorçuya qarşı çıxaraq onun silahını alan meyvə dükanı sahibi Əhməd Əl-Əhmədə yönəldilib. Hadisə zamanı Əl-Əhməd iki güllə yarası alıb və xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, dekabrın 14-də Sidneydəki çimərlikdə baş verən silahlı hücum nəticəsində 16 nəfər ölüb, 40-dan çox şəxs yaralanıb. Daha əvvəl hücum edənlərin ata və oğul olduğu açıqlanıb.