BAKI, 15 dekabr. TELEQRAF
Böyük Britaniyada Leyboristlər Partiyasının lideri və baş nazir Kir Starmer partiyadaxili ciddi təzyiqlərlə üz-üzə qalıb.
Teleqraf xəbər verir ki, "Daily Mail" nəşrinin yazdığına görə, Mançester meri Endi Börnhem parlamentə qayıdaraq Starmerə qarşı liderlik mübarizəsi aparmaq niyyətindədir.
Məlumata əsasən, Börnhemin tərəfdarları yaxın aylarda boşalacağı gözlənilən dairələrdən birində əlavə seçkidə iştirak etməsi üçün razılaşmaq üzrədir. Plan baş tutacağı təqdirdə, Börnhem İcmalar Palatasına qayıdaraq Leyboristlər Partiyasının liderliyinə iddia edəcək.
Nəşr yazır ki, Leyboristlər Partiyasının reytinqlərinin aşağı düşməsi fonunda Starmerin mövqeyi zəifləyib. Bu vəziyyət partiya daxilində həm səhiyyə naziri Ues Stritinqin, həm də keçmiş baş nazir müavini Angela Reynerin mümkün liderlik iddialarını gündəmə gətirib.
Leyborist deputatların bir qismi bildirir ki, may ayında keçiriləcək yerli seçkilər partiya üçün uğursuz olarsa, Starmer qısa müddət ərzində rəsmi liderlik çağırışı ilə üzləşə bilər.
Qeyd edək ki, Endi Börnhem daha əvvəl də Leyboristlər Partiyasının liderliyinə iddialı olduğunu gizlətməyib. O, məsələyə münasibət bildirməkdən imtina edib.