BAKI, 14 dekabr. TELEQRAF

Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) 2026-cı ilin sonunadək sürətli yerləşdirmə qüvvələri formalaşdıracaq. Bu qüvvələrin tərkibində 1 650 hərbçidən ibarət terrorizmlə mübarizə briqadasının yaradılması da nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, bu barədə Nigeriyanın paytaxtı Abucada keçirilən "ECOWAS" sammitində birliyin sədri, Syerra-Leone prezidenti Culius Maada Bio bildirib.

Onun sözlərinə görə, mövcud sammit tarixi əhəmiyyət daşıyır, çünki Qərbi Afrika ölkələri müstəqillik dövrü ərzində ən ciddi təhlükəsizlik və iqtisadi çağırışlarla üz-üzə qalıb. Terrorizm və mütəşəkkil cinayətkarlıq regionun inkişaf səylərinə ciddi zərbə vurur.

"ECOWAS" sədri eyni zamanda qeyd edib ki, üzv ölkələr 2027-ci ilədək vahid valyutanın tətbiqini strateji prioritet kimi müəyyənləşdiriblər. Onun sözlərinə görə, bu addım bank köçürmələri üzrə xərcləri azaltmağa, ticarəti genişləndirməyə və birliyin rəqabət qabiliyyətini artırmağa imkan verəcək. Bundan əlavə, 1 yanvar 2026-cı ildən etibarən "ECOWAS" daxilində hava nəqliyyatı üzrə rüsumların ləğvi planlaşdırılır.