BAKI, 15 dekabr. TELEQRAF
“Barselona”nın futbolçusu Pedri klub tarixində La Liqada 150 oyun keçirən ən gənc futbolçu olub.
Teleqraf “Opta”ya istinadən xəbər verir ki, 23 yaşlı ispaniyalı yarımmüdafiəçi buna XVI turda “Osasuna” üzərində 2:0 hesablı qələbə qazandıqları matçda nail olub.
Bununla da Pedri 2010-cu ildə müəyyənləşdirilmiş Lionel Messinin rekordunu geridə qoyub.
Argentinalı futbolçu İspaniya çempionatında 150-ci oyununu 23 yaş 121 günündə — 23 oktyabr 2010-cu ildə “Saraqosa”ya qarşı keçirilən (2:0) matçda keçirmişdi. Pedri isə bu həddə 23 yaş 18 günündə çatıb.
İspan yarımmüdafiəçiyə La Liqada 150 matç həddinə çatmaq üçün beş ildən bir qədər artıq vaxt lazım olub. O, “Barselona”nın heyətində İspaniya çempionatındakı debütünü 27 sentyabr 2020-ci ildə “Vilyarreal”la oyunda edib.