BAKI, 15 dekabr. TELEQRAF
ABŞ-də Donald Tramp administrasiyasına yaxın çevrələr və respublikaçı biznes strukturları Qəzza zolağında humanitar yardım və gələcək bərpa prosesində əsas rolu ələ keçirmək uğrunda fəal mübarizə aparır.
Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Nəşr yazır ki, iki illik İsrail zərbələri nəticəsində Qəzzada tikililərin təxminən 75 faizi dağıdılıb və BMT bərpa xərclərini 70 milyard dollar səviyyəsində qiymətləndirir. Bu isə logistika, tikinti və nəqliyyat sahəsində ixtisaslaşan şirkətlər üçün böyük gəlir perspektivi yaradır.
Nəşrin məlumatına görə, Ağ Ev paralel olaraq Cared Kuşner, Stiv Uitkoff və Ariye Laytstounun rəhbərliyi ilə Qəzza üzrə xüsusi işçi qrupu yaradıb. Bu prosesdə daha əvvəl İlon Maskın dövlət xərclərini azaltmaq təşəbbüsündə çalışan iki keçmiş məmurun da iştirak etdiyi bildirilir.
Sənədlərə əsasən, planlaşdırılan logistika modelində baş podratçı gündə 600 yük maşınının Qəzzaya girişinə nəzarət etməli, humanitar və kommersiya yüklərindən rüsumlar toplamalıdır. Guardian hesab edir ki, bu mexanizm podratçıya ildə 1,7 milyard dollara qədər gəlir gətirə bilər.
Əsas namizədlərdən biri Floridada “Alligator Alcatraz” kimi tanınan miqrant saxlama mərkəzinin idarəsində iştirak etmiş "Gothams LLC" şirkəti olub. Lakin şirkətin rəhbəri Mett Miçelsen "The Guardian"ın suallarından sonra təhlükəsizlik və reputasiya risklərini əsas gətirərək bu layihədən çəkildiyini açıqlayıb.
Məqalədə qeyd olunur ki, humanitar təşkilatlar və xeyriyyəçilər bu planları tənqid edir, Qəzzada real ehtiyacların dərman, tibbi avadanlıq və əsas yardımın arxa plana keçdiyini bildirirlər.
Ağ Ev isə hələlik yekun qərarların verilmədiyini və prosesin erkən planlaşdırma mərhələsində olduğunu açıqlayıb.