BAKI, 15 dekabr. TELEQRAF
Suriyada ABŞ hərbçilərinə qarşı hücumu həyata keçirən şəxs ölkənin daxili təhlükəsizlik qüvvələrinin fəaliyyət göstərən əməkdaşı olub.
Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. Agentliyin bildirdiyinə görə, hücum nəticəsində iki ABŞ hərbçisi və mülki tərcüməçi həlak olub.
Məlumata əsasən, şübhəli şəxs yeni hakimiyyət tərəfindən cəmi iki ay əvvəl keçirilən təcili kadr qəbulu zamanı xüsusi xidmət orqanlarına cəlb edilib. Təhlükəsizlik rəhbərliyi hücumdan bir həftə əvvəl onun İŞİD terror qruplaşması ilə mümkün əlaqələrindən şübhələnib, lakin dərhal həbs etmək əvəzinə müşahidə altına almağa qərar verib. Ehtiyat tədbiri olaraq o, rəhbərlikdən uzaq bir obyektin mühafizəsinə göndərilib.
Xatırladaq ki, daha əvvəl ABŞ və Suriya hərbçilərinin ölkənin mərkəzində yerləşən Palmira şəhəri yaxınlığında hücuma məruz qaldığı bildirilmişdi. Daha sonra Pentaqonun sözçüsü Şon Parnell hadisə nəticəsində iki amerikalı hərbçinin və bir mülki tərcüməçinin öldüyünü təsdiqləyib.