BAKI, 15 dekabr. TELEQRAF

15 dekabr. TELEQRAF

Dekabrın 14-də saat 15:00 radələrində Qusar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (1 qadın, 3 kişi) Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Qusar Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları və sıyrılmış yaraları, politravma, qamış sümüyünün üçdə bir hissəsinin sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

"2022-ci il təvəllüdlü (hər ikisi kişi cinsli) azyaşlıların vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar.

Vəziyyətləri ağır qiymətləndirilən 2017-ci il (kişi) təvəllüdlü pasiyentlərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Müalicəsi Reanimasiya şöbəsində davam etdirilən 1966-cı il (qadın) təvəllüdlü şəxs iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib", - məlumatda bildirilib.

Qeyd edilib ki, hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb. Hər iki şəxsin meyiti təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Məryəm Surxay

***

16:50

BAKI, 14 dekabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qusar rayonu, Yuxarı Ləgər kəndində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Teleqraf-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “KİA” markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşdığı və vətəndaşın nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə köməksiz vəziyyətdə qalan 1 nəfər qadın xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə nəticəsində ümumilikdə 2 nəfər həyatını itirib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.