BAKI, 15 dekabr. TELEQRAF
Yaponiya Çinlə münasibətlərin kəskinləşməsi fonunda ölkə zooparklarında saxlanılan bütün pandaları geri qaytarmağa hazırlaşır.
Teleqraf xəbər verir ki, "Kyodo" agentliyinin məlumatına görə, Tokionun Ueno zooparkının əsas simvolları olan, Çindən icarəyə götürülmüş Syao-Syao və Ley-Ley pandaları 2026-cı ilin yanvarında vətənlərinə qaytarılacaq. Halbuki heyvanların rəsmi icarə müddəti 2026-cı ilin fevralında başa çatmalı idi.
Mənbələrin bildirdiyinə görə, Yaponiya ilk dəfə son 50 ildə zooparklarında panda saxlamayacaq. Tokio tərəfi ehtiyat edir ki, Çinlə siyasi münasibətlərin pisləşməsi səbəbindən Pekin yeni pandaların icarəsinə razılıq verməyə bilər.
Münasibətlərdə gərginlik Yaponiyanın baş naziri Sanae Takaicinin Tayvanla bağlı açıqlamalarından sonra başlayıb. O, parlament debatları zamanı Tayvan ətrafında mümkün hərbi böhranın Yaponiya üçün ekzistensial təhlükə yaradacağını və ölkəni kollektiv özünümüdafiə hüququndan istifadə etməyə məcbur edə biləcəyini deyib. Bu bəyanat Pekinin kəskin narazılığına səbəb olub.
Çinin Osakadakı baş konsulu Syue Tsyan sosial şəbəkədə Yaponiyanın baş nazirini hədələyən paylaşım etsə də, sonradan həmin yazı silinib. Ardınca Çin Xarici İşlər Nazirliyi vətəndaşlarını Yaponiyaya səfərlərdən çəkinməyə çağırıb.
Qeyd edək ki, pandalar uzun illərdir Çin diplomatiyasının yumşaq güc alətlərindən biri hesab olunur və onların geri çağırılması Pekinin siyasi narazılığının rəmzi jesti kimi qiymətləndirilir.