BAKI, 15 dekabr. TELEQRAF
Avstraliyanın Sidney şəhərində, "Bondi Beach"də yəhudilərin Xanuka tədbiri zamanı baş verən silahlı hücumun əsas icraçılarından biri olan 24 yaşlı Naveed Əkrəmin hücumdan əvvəl ailəsinə yalan məlumat verdiyi üzə çıxıb.
Teleqraf xəbər verir ki, işsiz Əkrəm Naved ailəsinə atası ilə birlikdə balıq tutmağa və üzməyə getdiyini deyib. Onun anası Verena bildirib ki, oğlu hadisədən bir neçə saat əvvəl zəng edərək dənizdə üzdüyünü və yeməyə gedəcəyini söyləyib.
Məlumata əsasən, Naved Əkrəm və 50 yaşlı atası bazar günü axşam saatlarında silahlı hücum törədərək azı 16 nəfəri öldürüb, 40-dan çox şəxsi yaralayıb. Hücumdan sonra Əkrəm polis tərəfindən güllələnərək saxlanılıb və ağır, lakin stabil vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun atası isə hadisə yerində öldürülüb.
"Daily Mail" yazır ki, anası oğlunun zorakılığa meylli olmadığını, silahı olmadığını və yaxşı uşaq olduğunu deyib. Bildirilib ki, o, təxminən iki ay əvvəl işlədiyi tikinti şirkəti müflis olduqdan sonra işsiz qalıb.
Polis hücumdan sonra Əkrəmlərin Bonnyriqq və Campsie rayonlarındakı ünvanlarında axtarış aparıb. Yeni Cənubi Uels ştatı polisinin məlumatına görə, ataya məxsus olan və lisenziyalı altı odlu silahın hamısı götürülüb. Hazırda ballistik və kriminal ekspertizalar davam edir.