BAKI, 14 dekabr. TELEQRAF
Avstraliyanın Yeni Cənubi Uels ştatının polisi Sidneydə çimərlikdə insanlara atəş açan şəxslərdən birinin kimliyini müəyyən edib.
Teleqraf xəbər verir ki, bu barədə "ABC" telekanalı mənbələrə istinadla xəbər verir.
Məlumata görə, silahlı şəxslərdən biri Narvid Akramdır. O, Sidneynin cənub-qərbində yerləşən Bonnirigq rayonunda yaşayır. Hazırda hüquq-mühafizə orqanları hücumla bağlı istintaq çərçivəsində onun evində axtarış aparır.
****
15:45
Avstraliyanın Sidney şəhərində yerləşən "Bondi Beach" ərazisində baş verən silahlı hücum nəticəsində azı 12 nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə Yeni Cənubi Uels (NSW) Polisi mətbuat konfransında məlumat yayıb.
Polis hücumun Avstraliyanın yəhudi icmasını hədəf aldığı barədə ilkin məlumatların olduğunu bildirib.
Polis komissarı Mal Lanyonun sözlərinə görə, bazar günü baş verən atışmadan sonra ümumilikdə 29 nəfər xəstəxanaya yerləşdirilib, onlardan ikisi polis əməkdaşıdır.
Daha əvvəl yayılan məlumatda qeyd olunmuşdu ki, şübhəli şəxslərdən biri hadisə zamanı öldürülüb, ikinci şübhəli isə ağır vəziyyətdədir.
Polis əraziyə yaxın yerlərdə aşkar edilmiş şübhəli əşyaların araşdırıldığını və təhlükəsizlik tədbirlərinin davam etdiyini bildirib.
Avstraliyanın Baş naziri Entoni Albaneze yaydığı bəyanatda "Bondi Beach"də baş verənləri sarsıdıcı və son dərəcə narahatedici adlandırıb.
O, həmçinin federal polis komissarı və Yeni Cənubi Uels ştatının baş naziri ilə vəziyyətlə bağlı əlaqə saxladığını, əlavə məlumatlar üçün onlarla təmasda olduğunu qeyd edib.
Hadisə ilə bağlı araşdırma davam edir.
***
14:26
Avstraliyanın Sidney şəhərində yerləşən "Bondi Beach" (Bondi çimərliyi) ərazisində silahlı hücum baş verib.
Teleqraf xəbər verir ki, hadisə şəhərin ən məşhur və insanların sıx toplaşdığı ictimai məkanlardan birində genişmiqyaslı polis əməliyyatına səbəb olub.
Sosial şəbəkələrdə yayılan videolarda əlində tüfəng olan iki silahlı şəxsin əraziyə atəş açdığı görünür. Bundan sonra polis çimərlik ərazisində xüsusi əməliyyata başlayıb, bütün giriş-çıxışlar bağlanıb.
Polis insidentlə bağlı ilkin mərhələdə ictimaiyyəti ərazidən uzaq durmağa çağırıb:
“Polis Bondi çimərliyində baş verən insidentə reaksiya verib və ictimaiyyəti bu ərazidən uzaq durmağa çağırır. Hadisə yerində olan hər kəs təhlükəsiz yerə sığınmalıdır”, – hüquq-mühafizə orqanlarının “X” sosial şəbəkəsində yaydığı məlumatda bildirilib.
Sonradan Yeni Cənubi Uels (NSW) Polisi hadisənin artıq aktiv təhlükə yaratmadığını açıqlasa da, əməliyyatın davam etdiyini və ərazinin hələ də nəzarət altında saxlanıldığını bildirib. Polis əməkdaşları "Bondi Beach" ətrafındakı küçələri tam bağlayıb, piyada patrullar insanları ərazini tərk etməyə çağırır.
NSW polisinin yaydığı son rəsmi açıqlamaya əsasən, 10 nəfərin öldüyü təsdiqlənib, onlardan birinin atəş açan şəxslərdən biri olduğu ehtimal edilir. İkinci silahlı şəxs ağır vəziyyətdədir.
Məlumata görə, ən azı 11 nəfər yaralanıb, onlardan ikisi polis əməkdaşıdır. Daha əvvəl şahidlərə istinadən yayılan məlumatlarda yaralıların sayının daha az olduğu bildirilirdi, lakin sonradan rəqəmlər dəqiqləşdirilib.
Polis hələlik hücumun motivini açıqlamayıb, hadisə ilə bağlı genişmiqyaslı istintaq aparılır.
Hadisə Avstraliya ictimaiyyətində böyük rezonans doğurub və ölkə üzrə təhlükəsizlik tədbirləri gücləndirilib.