BİLƏSUVAR, 15 dekabr. TELEQRAF
Biləsuvar rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində Biləsuvar rayon İsmətli kənd sakini, 1955-ci il təvəllüdlü Almaz Cəfərovanın qəsdən öldürülməsi müəyyən edilib.
Teleqraf xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumat yayıb.
Həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci il təvəllüdlü Qasım Həsənov və bacısı 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadənin qabaqcadan əlbir olaraq cari il noyabrın 3-də Almaz Cəfərovanı yaşadığı evdə yastıqla boğaraq qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Qasım Həsənov və Gülbəniz Həsənzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
***
13:45
Biləsuvarda gəlini tərəfindən qətlə yetirilmiş ahıl qadınla bağlı təfərrüatlar məlum olub.
Teleqraf-ın Cənub Bürosu xəbər verir ki, 4 oğlu və 2 qızı olan 72 yaşlı Almaz Cəfərova uzun müddət tənha yaşayırmış.
Onun oğlanlarının Rusiyada yaşadığı bildirilir. Bir müddət əvvəl isə gəlini Gülbəniz Həsənzadə Rusiyadan gələrək mərhumla eyni evdə yaşamağa başlayıb.
Mərhumun yaxınlarının sözlərinə görə, Almaz Cəfərova tək yaşadığı üçün evə təhlükəsizlik kameraları quraşdırılıb. Hadisədən təxminən 40 gün sonra yaxınları kamera görüntülərinə baxarkən ahıl qadının qətlə yetirildiyini müəyyən ediblər.
Faktla bağlı cinayət işi başlanıb.
Mərhumun nəşi ekskumasiya olunub və ölümün dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib.
Hazırda araşdırmalar davam etdirilir.

***
09:39
Biləsuvar rayonunda qadın qətlə yetirilib.
Teleqraf-ın Cənub Bürosu xəbər verir ki, hadisə rayonun İsmətli kəndində qeydə alınıb.
Bir müddət əvvəl beyindaxili təzyiqdən öldüyü bildirilən 1953-cü il təvəllüdlü Almaz Cəfərovanın qətlə yetirildiyi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qadının boğularaq öldürüldüyü məlum olub. Qətl hadisəsində şübhəli bilinən mərhumun gəlini Gülbəniz Həsənzadə və gəlinin qardaşı Qasım Həsənov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.