BAKI, 15 dekabr. TELEQRAF
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Hindistan kəşfiyyatının 1965-ci ildə keçirdiyi birgə əməliyyat zamanı Himalay dağlarında nüvə generatoru itirilib.
Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" yazıb.
Məlumatda bildirilir ki, radioaktiv plutonium kapsulları olan SNAP-19C qurğusu Nanda-Devi zirvəsində yerləşdirilməli idi. Məqsəd Çinin raket sınaqlarını izləmək üçün kəşfiyyat avadanlığını enerji ilə təmin etmək olub.
Məlumata görə, güclü qar fırtınası səbəbindən alpinistlər təxminən 23 kiloqramlıq generatoru düşərgədə qoymağa məcbur qalıb. 1966-cı ilin yazında geri qayıdan ekspedisiya avadanlığın yoxa çıxdığını aşkar edib. Ehtimal edilir ki, qurğu qar uçqunu nəticəsində aparılıb.
Gizli axtarışlar 1968-ci ilə qədər davam etsə də, generator tapılmayıb. Yerli sakinlər və ekoloqlar radioaktiv maddələrin Qanq çayını qidalandıran buzlaqlara qarışa biləcəyindən və suyun çirklənəcəyindən narahatdırlar.
Qeyd olunur ki, əməliyyat "National Geographic" fotoqrafının da iştirak etdiyi elmi ekspedisiya adı altında həyata keçirilib. ABŞ və Hindistan hakimiyyətləri mümkün beynəlxalq qalmaqaldan yayınmaq üçün hadisəni onilliklər boyu gizlədib. Bildirilir ki, itirilmiş qurğudakı plutonium yüz illərlə toksik qalır.