BAKI, 7 dekabr. TELEQRAF

Yel Universitetinin alimləri Alzheimer xəstəliyinə qarşı beynin özünü necə qoruduğunu müəyyən ediblər.

Teleqraf xəbər verir ki, bu barədə araşdırma nəticələri "Medical Xpress" jurnalında dərc edilib.

Araşdırma nəticəsində Yel Universitetinin tədqiqatçıları beynin zərərli kalsium yığılmasından qorunmaq üçün öz daxilində xüsusi müdafiə mexanizmi işə saldığını aşkar ediblər.

Alimlərin sözlərinə görə, kalsiumun həddindən artıq toplanması neyronların məhvinə və Alzheimer xəstəliyinin inkişafına səbəb olur:

"Lakin beyin bu toksik təsiri azaltmaq üçün Glyoxalase 1 (GLO1) adlı qoruyucu proteinin aktivliyini artırır. Bu protein hüceyrədə artıq kalsiumun yaratdığı zərərli maddələrin zərərsizləşdirilməsində mühüm rol oynayır".

Tədqiqat zamanı alimlər kalsiumun hüceyrədaxili anbarlardan (hüceyrənin içində maddələrin saxlandığı xüsusi strukturlar) çıxmasına cavabdeh olan RyR2 kanalının genetik şəkildə dəyişdirildiyi heyvan modeli istifadə ediblər. Kanalın daim “açıq” qalması xroniki kalsium sızmasına gətirib çıxarıb. Buna cavab olaraq heyvanların prefrontal korteks və hipokamp bölgələrində GLO1 səviyyəsinin yüksəldiyi və bunun onların idrak funksiyalarını qoruduğu müşahidə olunub.

Lakin yaş artdıqca GLO1-in aktivliyi azalır və neyronlar daha həssas hala gəlir. Yaşlı heyvanlarda bu proteinin səviyyəsinin düşməsi yaddaş testlərində nəticələrin pisləşməsi ilə əlaqələndirilib.

Yel Universitetinin neyroelm üzrə professoru Eymi Arnsteyn bildirib ki
Beyin kalsium sızması ilə özü mübarizə aparır və yaşla zəifləyən xüsusi davamlılıq faktoru işə salır:

"Əgər bu mexanizmi dəstəkləyə bilsək, beyni özünün yaratdığı təbii yolla qorumuş olarıq”.

Mütəxəssislər hesab edirlər ki, GLO1-in qoruyucu mexanizm kimi müəyyən edilməsi Alzheimer xəstəliyinin erkən mərhələlərində, simptomlar ortaya çıxmadan öncə tətbiq oluna biləcək yeni profilaktik terapiyaların hazırlanmasına imkan yarada bilər.