BAKI, 3 mart. TELEQRAF
ABŞ-nin müttəfiqləri İranla bağlı davam edən hərbi əməliyyat fonunda Vaşinqtonun Ukrayna üçün sursat ehtiyatlarının azala biləcəyindən ehtiyat edir.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın keçmiş Baş Qərargah rəisi general Nik Karter “Sky News” telekanalına müsahibəsində bildirib.
“Hamımız narahat olacağıq ki, bu vəziyyət onların digər hərbi əməliyyat teatrlarını, xüsusilə də Ukraynanı lazımi vasitələrlə təmin etmək imkanlarını azalda bilər”, - deyə o vurğulayıb.
Karter hava hücumundan müdafiə sistemləri üçün tutucu raketləri nümunə göstərərək bildirib ki, müasir sursatlar sürətlə istehsal olunmur. Onun sözlərinə görə, 4-5 həftə ərzində böyük həcmdə sursat sərf oluna bilər.
General əlavə edib ki, ABŞ-nin qarşıya qoyduğu məqsədlərin nə dərəcədə aydın olduğu tam bəlli deyil və Vaşinqtonun əməliyyatı son 48 saatdakı intensivliklə davam etdirmək üçün kifayət qədər ehtiyatının olub-olmadığı hələ məlum deyil.
Eyni zamanda, Karter İranda hakimiyyət dəyişikliyinin quru əməliyyatı olmadan mümkünlüyünə skeptik yanaşıb.
“Tarix göstərir ki, təkcə hava zərbələri bu məqsədə nail olmaq ehtimalını son dərəcə az edir. Bunun üçün yerdə dəstək lazımdır”, - deyə o bildirib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr Tehran da daxil olmaqla bir sıra iri şəhərlərə endirilib. İran tərəfi isə cavab əməliyyatları həyata keçirdiyini açıqlayıb.