BAKI, 3 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkəsinin hərbi arsenalının hazırkı vəziyyəti barədə iddialı bəyanatlarla çıxış edərək, Birləşmiş Ştatların mövcud ehtiyatlarla əbədi müharibə apara biləcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısı "Truth Social" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Tramp qeyd edib ki, ABŞ-nin sursat ehtiyatları heç vaxt indiki qədər yüksək və keyfiyyətli olmayıb. Ona təqdim olunan son məlumatlara istinad edən Prezident, ölkənin praktiki olaraq qeyri-məhdud silah ehtiyatına malik olduğunu vurğulayıb:

"Digər ölkələrin ən keyfiyyətli silahlarından daha üstün olan bu arsenal sayəsində müharibələri əbədi və son dərəcə uğurlu şəkildə davam etdirmək mümkündür".

Paylaşımında həmçinin eks-prezident Co Baydeni kəskin tənqid edən Tramp, onu Ukraynaya təmənnasız olaraq həddindən artıq silah paylamaqda ittiham edib. Öz hərbi strategiyasına toxunan Tramp, birinci prezidentlik müddəti ərzində silahlı qüvvələri bərpa etdiyini və bu fəaliyyətini hazırda da davam etdirdiyini diqqətə çatdırıb. O, ABŞ-nin kifayət qədər resurs topladığını və böyük qələbələr qazanmağa tam hazır olduğunu bəyan edib.