BAKI, 18 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalamağa hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə yüksək vəzifəli Ağ Ev rəsmisi "Reuters" agentliyinə məlumat verib.
Məlumata görə, Trampın əsas şərti sanksiyaların tətbiqi və ya dayandırılması ilə bağlı yekun qərarların birbaşa prezidentin səlahiyyətində qalmasıdır.
“Əgər bu müddəa qanun layihəsinə daxil edilibsə, prezident onun imzalanmasını nəzərdən keçirərdi”, - mənbə bildirib.
Ağ Ev nümayəndəsi Trampın bu təşəbbüsə dəstəyini artıq ötən axşam verdiyi siqnallarla göstərdiyini qeyd edib.
Rəsminin sözlərinə görə, Moskva və Vaşinqton arasında Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar davam edir.
“Biz bunun üzərində işləməyə davam edirik. Sadəcə olaraq, indi xəbərlərin gündəmində deyil, çünki başqa çox hadisə baş verir”, - deyə o əlavə edib.