BAKI, 12 oktyabr. TELEQRAF

Pakistan Silahlı Qüvvələri Əfqanıstanla sərhəddə yerləşən və ölkə ərazisində terror hücumları həyata keçirən silahlı qruplara dəstək verdiyi bildirilən 19 nəzarət-buraxılış məntəqəsini nəzarətə götürüb.

Teleqraf xəbər verir ki, bu barədə Geo telekanalı məlumat yayıb.

Məlumata görə, Pakistan ordusu Əfqanıstan Silahlı Qüvvələrinin sərhəd bölgələrindəki bir neçə keçid məntəqəsini atəşə tutmasına cavab olaraq hərbi əməliyyat həyata keçirib. Əfqan tərəfi ağır itkilər verib, həmçinin sərhədi keçməyə cəhd edən İŞİD və “Pakistan Talibanı”na bağlı silahlı qruplar məhv edilib.

Əməliyyatlarda artilleriya, tanklar, yüngül və ağır silahlarla yanaşı, təyyarələr və dronlar da istifadə olunub.

Rəsmi mənbələr Pakistanın bu addımının müharibə aktı olmadığını, əməliyyatların yalnız silahlıların sığınacaqları və təlim düşərgələrinə qarşı yönəldiyini vurğulayıblar. Əfqanıstanın mülki əhalisi Pakistan ordusunun hədəfi deyil.