BAKI, 22 dekabr. TELEQRAF
"Media savadlılığı mövzusu məktəbdən başlayır".
Teleqraf xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev “Rəqəmsallaşma, süni intellekt və media savadlılığı” konfransında deyib.
O bildirib ki, artıq məktəblərdə bu istiqamətdə müəyyən uğurlu işlər var.
"Orta məktəblərdə aşağı siniflərdə dərslərdə kibertəhlükəsizlik kimi məlumatlara geniş yer ayrılır. Yuxarı siniflərdə isə şagirdlərə məlumatların təhlili öyrədilir", - o əlavə edib.
Səbuhi Rzayev qeyd edib ki, bu sahənin ayrıca fənn kimi tədrisi əvəzinə digər sahələrlə əlaqələndirilərək məktəblərdə keçirilməsi daha məqsədəuyğundur: "Aparılan monitorinqlər göstərir ki, ölkədə şagirdlər arasında oxuyub-anlama səviyyəsi çox qənaətbəxş səviyyədə deyil. Media savadlılığı üçün ilk növbədə oxuyub-anlama bacarığı inkişaf etdirilməlidir. Bunun üçün tədbirlər davam etdirilir. Hər il bunun üçün tədris proqramları yenilənir".
O həmçinin qeyd edib ki, uşaqlar və şagirdlər üçün televiziya məzmunlarına ehtiyac var.
"Bu il yayımlanan "Mən, Lalə, bir də Şerlok Holms" buna bir nümunə idi. Belə nümunələrin sayı artırılmalıdır. Bu vasitə ilə müəyyən mesajlar ötürülməlidir", - o əlavə edib.