BAKI, 22 dekabr. TELEQRAF

“Azərbaycandan Ermənistana cəmi 1,5 milyon dollarlıq benzinin idxal olunması ölkəmizdə bəzi insanlarda təəccüb və etiraz yaradıb, deyirlər ki, guya düşmən ölkənin büdcəsini doldururuq, düşmən ordunu gücləndiririk və sairə”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin İqtisadi Məsələlər üzrə Komitəsinin sədr müavini Babken Tunyan bildirib.

Deputat etirazlara baxmayaraq, Ermənistanın Azərbaycan və Türkiyə ilə ticari-iqtisadi əlaqələri davam etdirəcəyini söyləyib:

“Maraqlıdır, bu insanlar aydan eniblər, bilmirlər ki, onların “düşmən” dedikləri başqa bir ölkədən - Türkiyədən son 30 il ərzində Ermənistana idxal olunmuş məhsulların həcmi yüzlərlə dəfə çox olub?! Son 20 ildə, 2006-cı ildən bu ilin oktyabrına qədər Türkiyədən Ermənistana ümumilikdə 4,3 milyard dollardan çox məhsul idxal edilib: geyim, geyim aksesuarları, avadanlıqlar, ehtiyat hissələri, tikinti materialları...

Çox maraqlıdır ki, türk bayrağı yandıran, hökumətdə təmsil olunmuş, vətənpərvərliyə çağırış edən keçmiş məmurlar və onların yaxın çevrəsi bunlardan xəbərsiz idimi, yoxsa Türkiyəni dost ölkə hesab edirdilər?

Deyirlər ki, guya Azərbaycan benzini almayacaqlar, Azərbaycan ərazisindən keçən buğdadan hazırlanmış çörək yeməyəcəklər. Nə alıb-almamaq sizin haqqınızdır, amma bundan əvvəl özünüz və yaxınlarınızın geyimini yoxlayın, bəlkə türk istehsalıdır və ya türk parçasından tikilib, təsadüfən tezislərinizlə ziddiyyət yaratmasın.

Ermənistan qonşu ölkələrlə münasibətlərin normallaşdırılması prosesini davam və iqtisadi əlaqələri inkişaf etdirəcək”.