GƏNCƏ, 22 dekabr. TELEQRAF
Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən Karen Avanesyanın barəsində cinayət işi üzrə növbəti məhkəmə prosesi başa çatıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakimlər Natiq Əliyevin sədrliyi, İlkin İbişovun məruzəsi ilə keçirilən prosesdə Karen Avanesyan tərcüməçi və vəkillə təmin olunub.
Prosesdə şahid ifadələrini dinlənilib. Təxminən 2 saata yaxın davam edən prosesdə hadisə şahidlərindən olan polis Elmar Qurbanov ifadə verib. O, qeyd edib ki, Karen Avanesyan hadisə vaxtı əlindəki silahla polis əməkdaşları və mülki vətəndaşlara qarşı terror törətmək istəyib:
"Avanesyan əl qumbarası atdı, daha sonra polis işçilərinə avtomatdan atəş açmağa başladı. Ona xəbərdarlıq etdik. Bizim xəbərdarlıq edəndə kimsə xəsarət almamışdı. Lakin Karen Avanesyan silahı yerə qoymadı. Təkcə mənim üzərimə 8 güllə atdı. 15 dəqiqə fasilə ilə ikinci əl qumbarasını, daha sonra üçüncüsünüı atdı. Bu zaman artıq yaralananlar oldu".
Prosesdə daha iki şahid ifadə verib. Onlar hadisə vaxtı Avanesyanın sığınacaqda olmadığını və hadisə zamanı sığınacaqdan qaçdığını bildiriblər.
Məhkəmədə hadisə yerinin ibtidai istintaq zamanı video-görüntülər göstərilib. Bu görüntülərdə Karen Avanesyanın hadisəni necə törətdiyini bildirir.
Məhkəmə prosesində dövlət ittihamçısı Karen Avanesyanın 18 il azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti məhkəmə prosesi dekabrın 25-nə təyin olunub.

***
15:44
Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən Karen Avanesyanın barəsində cinayət işi üzrə növbəti məhkəmə prosesi başlayıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakimlər Natiq Əliyevin sədrliyi, İlkin İbişovun məruzəsi ilə keçirilən prosesdə K.Avanesyan tərcüməçi və vəkillə təmin olunub.
Məlumat üçün bildirək ki, cari il sentyabrın 14-də Azərbaycan Respublikasının Xankəndi şəhəri ərazisində odlu silah və döyüş sursatlarından atəş açılmaqla partlayışla nəticələnən terrorçuluq edilməsi, habelə terrorçuluqla əlaqədar ikidən çox polis əməkdaşının qəsdən öldürülməsinə cəhd edilməsi və digər faktkar üzrə Baş Prokurorluğun İstintaq idarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
İstintaq tədbirlərilə, Xankəndi şəhərinin erməniəsilli sakini, 1967-ci il təvəllüdlü Karen Avanesyanın bir sıra xüsusilə ağır cinayətlər törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Belə ki, K.Avanesyan ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə, partlayışların törədilməsi, insanların öldürülməsi və digər ictimai təhlükəli nəticələrin baş verməsi ilə müşayiət olunan terrorçuluq əməli, habelə terrorçuluqla əlaqədar qəsdən adam öldürmə cinayətlərini törətmək məqsədilə Xankəndi şəhərinin ərazisində 2023-cü ilin sentyabr ayına kimi fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmələrdən qalmış odlu silah - “AKMS” markalı avtomat silahı, onun komplekt hissələrini, habelə çox sayda əl qumbaralarını əldə edib həmin şəhərin ərazisində gizlədərək uzun müddət saxlayıb.
Cinayətkar niyyətini həyata keçirmək üçün o, sentyabrın 14-də saat 7 radələrində yaşadığı sosial sığınacağı hər hansı bir səbəb bildirmədən tərk edib gizlətdiyi silah-sursatları götürərək atəşə hazır vəziyyətə gətirib, saat 9 radələrində yaşayış olmayan başqa bir evə girib mövqe tutmaqla polis əməkdaşlarının yaxınlaşmasını gözləyib, onun olduğu yeri müəyyənləşdirməyə çalışan polis əməkdaşlarının sayının çoxluğunu müşahidə etdikdən sonra qabaqcadan planlaşdırdığı terrorçuluq və çoxsaylı hakimiyyət nümayəndələrini öldürmək üçün şəraitin yetişdiyi qənaətinə gələrək gizləndiyi yerdən avtomat silahdan ona yaxınlaşan polis əməkdaşlarına nizamsız çoxsaylı atəşlər açıb, ardınca isə əl qumbaralarını polis əməkdaşlarının olduqları yerə ataraq partladıb.
Nəticədə 3 nəfər polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri almış, hadisə yerindən təxliyyə edilərək zəruri tibbi yardımlar gösətirildiyindən həyatlarını xilas etmək mümkün olub.
Bundan başqa, qanunvericiliyin tələblərinə və edilən dəfələrlə xəbərdarlıqlara baxmayaraq, Karen Avanesyan hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmaqdan boyun qaçırdığı üçün polis əməkdaşları tərəfindən odlu silah tətbiq olunmaqla saxlanılıb, ardınca isə zəruri tibbi yardımlar göstərilməklə xəstəxanada müalicə edilib.
Cinayət işi üzrə toplanmış sübutlar əsasında Karen Avanesyan Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11 (xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ümumi təhlükəli üsulla iki və daha çox şəxsi terrorçuluqla əlaqədar qəsdən öldürməyə cəhd qəsdən adam öldürməyə cəhd), (qəsdən adam öldürməyə cəhd), 214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə terrorçuluq törədildikdə), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə etmə, saxlama və daşıma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Karen Avanesyan barəsində ibtidai istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Xankəndi şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

