BAKI, 22 dekabr. TELEQRAF
ABŞ-nin İrana qarşı hərbi-iqtisadi müharibə aparmayacağı şərti ilə Tehranla heç vaxt nüvə silahı yaratmağa yönəlməyəcək bir razılaşmaya nail olmaq mümkündür.
Teleqraf xəbər verir ki, bu barədə İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.
Sabiq nazir iddia edib ki, ABŞ və Avropa elan etdikləri məqsədlərin heç birinə nail olmadan regional və qlobal gərginliyi artırıblar: “ABŞ başa düşməlidir ki, İranın mühüm imkanlarını məhv edə bilməz, çünki onların əksəriyyəti yerli istehsaldır və yenidən bərpa oluna bilir”.
Cavad Zərif İran-ABŞ danışıqlarının perspektivinə də toxunub: “Hər iki ölkə iki ortaq məqsəd üzərində razılaşa bilər. Məsələn, ABŞ-nin İrana qarşı hərbi-iqtisadi müharibə aparmayacağı şərti ilə Tehranla heç vaxt nüvə silahı yaratmağa yönəlməyəcək bir razılaşmaya nail olmaq mümkündür”.
Keçmiş xarici işlər nazirinin fikrincə, bu məqsədlərə çatmaq üçün İran uranın zənginləşdirilməsini məhdudlaşdıra və ya bununla bağlı regional mexanizmin yaradılmasını təklif edə bilər. ABŞ isə sanksiyaları ləğv etməli və BMT sanksiyalarının da götürülməsinə imkan verməlidir.
Həmçinin, Məhəmməd Cavad Zərif Tehran və Vaşinqton arasında birbaşa dialoqa çağırıb.
“İran və ABŞ arasında kimlik və ideologiya səviyyəsində köklü, həllolunmaz fikir ayrılıqları var və tərəflərin heç biri təslim olaq istəmir”, - o əlavə edib.
Zərif İran və ABŞ arasında yenilənmiş nüvə sazişinin mümkünlüyünü irəli sürüb: “Belə bir razılaşma çərçivəsində tərəflər regional təhlükəsizlik, silahlara nəzarət və terrorla mübarizə kimi digər çətin məsələlərin həllinə doğru da addım ata bilərlər. Məsələn, İrandan ABŞ və ya onun regional müttəfiqlərinə qarşı hücum etməyəcəyinə dair öhdəlik istənilə, qarşılığında isə ABŞ və tərəfdaşları qarşılıqlı təminatlar verə bilərlər”.