BAKI, 19 mart. TELEQRAF

Qırğızıstan Tacikistan ilə sərhəd sazişini ratifikasiya edib.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məsələ ilə bağlı Qırğızıstan parlamentində keçirilən səsvermədə 85 deputat sənədin lehinə, 1 deputat əleyhinə səs verib.

Saziş 13 martda Bişkekdə Qırğızıstan Prezidenti Sadır Japarov və Tacikistan Prezidenti Emoməli Rəhmon tərəfindən imzalanıb.

Japarovun sözlərinə görə, iki ölkə arasında sərhəd mübahisələrinin həlli regionun təhlükəsizliyini möhkəmləndirəcək.

Rəhmon isə bu sazişi “tarixi qərar” olaraq qiymətləndirib və bildirib ki, bu, ikitərəfli əlaqələrin inkişafı üçün möhkəm təməl yaradacaq.

Qeyd edək ki, Qırğızıstan və Tacikistan arasındakı sərhədin uzunluğu təxminən 980 km təşkil edir.

Sərhədin delimitasiyası üzrə danışıqlar 2002-ci ilin dekabrından başlayıb.

Bu məsələnin həll olunmaması bir neçə dəfə münaqişələrə səbəb olub, hətta silahlı qarşıdurmalar yaşanıb.