BAKI, 13 mart. TELEQRAF

Buenos-Ayresin mərkəzində keçirilən etiraz aksiyası zamanı polis azı 150 nəfəri həbs edib.

Teleqraf “LN+” telekanalına istinadən xəbər verir ki, bu barədə Argentinanın təhlükəsizlik naziri Patrisiya Bullriç bildirib.

Onun sözlərinə görə, iğtişaşlar zamanı azı 15 polis əməkdaşı yaralanıb.

Xəbərdə bildirilir ki, martın 12-də Argentina paytaxtının mərkəzində etiraz aksiyası keçirilib.

Aksiyaya təqaüdçülər və onlara dəstək olmaq üçün gələn bəzi futbol azarkeşləri qoşulublar. İki minə yaxın insan təqaüdlərin azlığından və yaşam şərtlərinin bahalığından narazılıqlarını bildiriblər.

Nümayiş başlayandan dərhal sonra polislə toqquşmalar başlayıb və tezliklə iğtişaşlara çevrilib. Etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına kənar əşyalar atıblar. Buna cavab olaraq polis gözyaşardıcı qaz və şırnaqlardan istifadə edib.

Etirazçılar barrikadalar qurmağa, polis avtomobilini və zibil qutularını yandırmağa çalışıblar.