
BAKI, 13 mart. TELEQRAF
Təxminən 15 ölkə Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təmin edilməsinə hazır olduğunu bəyan edib.
Teleqraf xəbər verir ki, bu qənaəti bir sıra Avropa ölkələrinin Baş qərargah rəislərinin görüşündən sonra Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornü səsləndirib.
O deyib: "Hazırda 15-ə yaxın dövlət bu prosesin davam etdirilməsində maraqlıdır".
Nazir müdafiə qurumları rəhbərlərinin mətbuat konfransında bildirib ki, Ukrayna üçün təhlükəsizlik təminatları Qərb hərbçilərinin bu ölkə ərazisində olması ilə məhdudlaşa bilməz. O, Ukrayna AES-lərinin və Qara dənizin təhlükəsizliyi və bir sıra digər aspektlərin müzakirəsi zərurətini qeyd edib.
Mətbuat konfransı Fransa Müdafiə Nazirliyinin YouTube hesabında yayımlanıb.