BAKI, 13 mart. TELEQRAF

Ermənistan rəhbərliyi ATƏT-in Minsk qrupunu yenidən Cənubi Qafqaza qaytarmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Ekspert Ermənistanın Azərbaycana qarşı təxribatçı fəaliyyətlərinə diqqət çəkib:

“Ermənistan rəhbərliyi tələsik yarımçıq sülh müqaviləsi imzalayaraq, növbəti parlament seçkilərində Paşinyanı qalib etməyi hədəfləyir. Vaxt qazanaraq ordunun gücləndirilməsi, Qərblə Rusiyanın münasibətləri düzələndən sonra isə Minsk qrupunu Qafqaza qaytarmağı planlaşdırır.

Yaxın altı ay ərzində müharibə riski, İrəvanın bilərəkdən sərhəddə eskalasiyaya getmək ehtimalı da var. Bu arada, Ermənistan daxilində ARABO terrorçuları və Qarabağ separatçıları revanşizm haqqında tez-tez çıxış etməyə başlayıblar. Həmçinin keçmiş nazirlərin də Azərbaycanla sülh müqaviləsi bağlanmasına qarşı çıxdıqları da məlumdur. Bundan başqa, peyk görüntüləri Ermənistan ordusunun şərti sərhəddə hərbi texnika yığdığını və istehkamlar qurduğunu göstərir. Sülhü istəyən bu addımları atmazdı.

Çıxış yolu var: Zəngəzur dəhlizi açılır və gələcəkdə regionda ehtimal olunan təxribatların qarşısı alınır”.