BAKI, 13 fevral. TELEQRAF

Yanvar-fevral aylarında Bakı-Qəbələ-Bakı istiqamətində dəmiryolu ilə sərnişindaşımanın sayında azalma müşahidə olunub. Belə ki, ötən ilin ilk iki ayında 6 448 sərnişin daşınmışdısa, bu göstərici 2025-ci ilin yanvar-fevral aylarında 5 484-ə enib.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Teleqraf-a verilən məlumata görə, ötən iki ay ərzində Bakı-Balakən-Bakı marşrutundan isə 11 351 nəfər istifadə edib.

Ümumilikdə ilin iki ayında dəmir yolu nəqliyyatı ilə 1 413 610 sərnişin daşınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12% artım deməkdir.

Dövr ərzində ən çox sərnişin daşıyan marşrut Abşeron dairəvi qatarı olub. 2024-cü ilin yanvar-fevral aylarında bu marşrutda 1 206 575 nəfər daşındığı halda, 2025-ci ildə bu göstərici 1 337 958 nəfərə, Bakı-Ağstafa-Bakı marşrutunda sərnişin sayı 48 811-dən 58 817-yə yüksəlib.

Xarici turistlərin dəmir yolu nəqliyyatına marağı da artıb. Ötən ilin ilk iki ayında 2 717 xarici turist dəmir yolu ilə səyahət edibsə, 2025-ci ildə bu rəqəm 38 faiz artaraq 3 763-ə yüksəlib.