
BAKI, 13 mart. TELEQRAF
Rəsmi Ottava 30 milyard Kanada dolları dəyərində ABŞ mallarına rüsum tətbiq edəcəyini elan edib.
Teleqraf xəbər verir ki, Kanada bu addımı ABŞ-nin polad və alüminium idxalına tətbiq olunan rüsumlara cavab olaraq atıb.
Hökumət “dollara-dollar” yanaşmasına əməl edəcəyini və polad, kompüterlər, idman avadanlıqları da daxil olmaqla ABŞ-dən idxala 25% rüsum tətbiq edəcəyini bildirib.
Qeyd edək ki, ötən gün Avropa İttifaqı da ABŞ-dən idxal edilən motosikletlər və spirtli içkilər daxil olmaqla ümumilikdə 28 milyard dollar dəyərində məhsula rüsum tətbiq edəcəyini elan edib. Avropa Komissiyası rüsumların aprelin 13-dək qüvvəyə minəcəyini bildirib.
Meksika prezidenti Klaudia Şeinbaum isə ABŞ-nin polad və alüminium rüsumlarına cavab tədbirləri ilə bağlı gözləmə mövqeyi tutduqlarını açıqlayıb. Aprelin 2-nə qədər gözləyəcəklərini bildirib.