BAKI, 13 mart. TELEQRAF
"ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmaq istəyi həm dünya, həm də təşkilatımız üçün yaxşı hal deyil".
Teleqraf xəbər verir ki, bunu ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus XII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, ABŞ-nin təşkilatdan çıxması problem yaradacaq.
ÜST rəhbəri, həmçinin dünyada çoxtərəfli münasibətlərdən də danışıb:
"Bir neçə ay əvvəl COP29-da iştirak üçün Azərbaycana gəlmişdim. Tədbir zamanı danışıqlar asan deyildi. Ancaq nəticədə iqlim maliyyəsi qəbul olundu. Dövlətlər qlobal problemlərə qarşı bir araya gəldilər. Bizim bundan başqa yolumuz yoxdur. Elə bir zamanda yaşayırıq ki, çoxtərəflilik olduqca vacibdir. Biz milli və ya ikitərəfli şəkildə həll olunacaq məsələlər dünyasında yaşamırıq. Qloballar həllər olmalıdır. Viruslar, müharibələr, aclıq qlobal təhdidlər yaradır".