
BAKI, 11 mart. TELEQRAF
Ukrayna Prezidentinin Ofisi Ukrayna və ABŞ nümayəndə heyətlərinin Ciddə görüşündən sonra birgə bəyanat yayıb.
Teleqraf xəbər verir ki, bəyanatın mətni Ukrayna Prezidenti Ofisinin saytında dərc olunub.
“Ukrayna ABŞ-ın Rusiya Federasiyası tərəfindən qəbul edilməsi və eyni vaxtda həyata keçirilməsi şərti ilə, tərəflərin qarşılıqlı razılığı ilə uzadıla bilən müvəqqəti, 30 günlük atəşkəs rejiminin dərhal tətbiq edilməsi təklifini qəbul etməyə hazır olduğunu bildirib. ABŞ Rusiyaya çatdıracaq ki, Rusiya tərəfi də qarşılıqlı sülhə razılıq verməlidir”, - deyə bəyanatda bildirilir.
***
21:55
Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlar başa çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt X sosial şəbəkə hesabında bildirib.
Birləşmiş Ştatlar Ukrayna ilə Səudiyyə Ərəbistanında aparılan danışıqları müsbət qiymətləndirir və onların nəticələrini “məhsuldar” hesab edir.
Levitt onu da əlavə edib ki, Amerika tərəfi tezliklə Ciddə görüşünün daha aydın və konkret nəticələrini ictimaiyyətə təqdim edəcək.