
BAKI, 12 mart. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya ilə əlaqələri normallaşdırmaq qərarına gəlib.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.
Erməni nəşri bildirir ki, baş nazir bu məqsədlə Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı referendum layihəsinin qəbulunu 2 ay müddətinə təxirə salıb:
“Həmçinin o, Rusiya ilə yaxınlaşma istiqamətində addımların atılması və qurumlararası münasibətlərin bərpasına dair göstəriş verib. Amma Rusiya Paşinyanın səmimiyyətinə inanmır. Federasiya Şurasının sədri Valentina Matviyenkonun İrəvana səfərinin təxirə salınması da ondan xəbər verir ki, Rusiya Paşinyan üçün sınaq testi hazırlayıb.
Matviyenko ilkin razılaşmaya görə, fevralın sonunda gəlməli idi, sonra səfərin iyunun 5-6-da olacağı bildirildi. İndi Rusiyada mayın 9-da Moskvada keçiriləcək tədbirlərdə Paşinyanı gözləyirlər. Hökumət mənbələrinə görə, onun iştirak edəcəyinə şübhə yoxdur.
Matviyenkonun gəlişindən əvvəl onun erməni həmkarı Alen Simonyan MDB Assambleyasının 17-18 apreldə keçiriləcək qələbənin 80 illiyinə həsr olunmuş sessiyasında iştirak etmək üçün Rusiyaya yola düşəcək. May ayına kimi Qafanda Rusiya konsulluğu da açılacaq”.