
BAKI, 12 mart. TELEQRAF
Elm və Təhsil Nazirliyinin dəstəyi və “Rəqəmsal bacarıqlar” layihəsinin təşkilatçılığı ilə “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsi keçirilir.
Teleqraf xəbər verir ki, proqramlaşdırma üzrə keçirilən müsabiqənin əsas məqsədi məktəblilər arasında rəqəmsal bacarıqların inkişafına dəstək olmaq, proqramlaşdırma sahəsində onların biliklərini artırmaq, İT üzrə istedadlı məktəbliləri müəyyən edərək onlar üçün gələcək inkişaf imkanları yaratmaqdır.
Hakatonda iştirak üçün qeydiyyat codehour.edu.az saytı üzərindən aparılır. Qeydiyyat martın 19-dək davam edəcək.
İlkin qeydiyyat mərhələsində respublika üzrə 5-11-ci sinif şagirdləri iştirak edə bilərlər. Qeydiyyat mərhələsində verilən tapşırıqları uğurla yerinə yetirən iştirakçılar I mərhələyə vəsiqə qazanacaqlar. Müsabiqənin bütün sınaqları iştirakçılar üçün müvafiq qruplar (8-9-cu siniflər və 10-11-ci siniflər) çərçivəsində aparılacaq.
Dörd mərhələ və finaldan ibarət olan hakaton müddətində iştirakçılar test tapşırıqları, komanda işi və layihə hazırlığı kimi yaradıcı və innovativ fəaliyyətlərdə iştirak edəcəklər. III və IV mərhələlər müsabiqədə fəal iştirak edən şagirdlər üçün 5 müxtəlif regionda təşkil ediləcək. Bu mərhələlərdə iştirakçılar üçün maarifləndirici sessiya və seminarlar təşkil ediləcək ki, bu da onların bilik və bacarıqlarının inkişafına töhfə olacaq.