BAKI, 4 mart. TELEQRAF

Ağ Evdə ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında baş verən qalmaqal Rusiya və Çinin maraqlarına cavab verir.

Teleqraf xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, bu olayın iki səbəbdən Rusiya üçün faydası var:

“Birincisi, ABŞ-Ukrayna ittifaqı dağıldı. İkincisi, təhlükəsizlik məsələsi ilə bağlı ABŞ ilə Avropa İttifaqı (Aİ) arasında fikir ayrılığı dərinləşib. Kreml bundan öz məqsədləri üçün istifadə etməyə çalışacaq. Rusiya Prezidenti Vadimir Putin yaxın günlərdə Trampla görüşməyə çalışacaq. Putinin məqsədlərindən biri də ABŞ-nin Rusiyaya qarşı sanksiyalarını yumşaltması və iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin bərpasıdır.

Çin də mövcud vəziyyətdən yararlanmağa çalışacaq. Pekində hesab edirlər ki, Avropa ölkələri və Ukraynanın Çinlə iqtisadi sahədə əməkdaşlığa maraqları artacaq. Təsadüfi deyil ki, Ukrayna rəsmiləri Ağ Evdəki qalmaqaldan sonra Çinlə dialoqun genişləndirilməsinin vacibliyi barədə fikirlər söyləyiblər. Buna baxmayaraq, Pekin müxtəlif ölkələr arasındakı gərginlikdə tərəf olmaq istəmir. Pekində Trampın Çinlə yaxşı əlaqələr qurmaq istəyinə inanmırlar. Ona görə də Pekin Vaşinqtonla siyasi-iqtisadi müstəvidə mübarizəyə hazırlaşır. Hər iki tərəfin bir-birinə qarşı artırdığı rüsumlar da bundan xəbər verir”.

Təhlildə vurğulanır ki, Çin lideri Si Cinpin ölkəsinin həm iqtisadiyyat, həm də xarici arenada ciddi problemlərlə üzləşəcəyi durumda öz xalqının rifahının yaxşılaşdırılması yolu ilə inamla getməsinin vacibliyini bildirib:

“Bu o deməkdir ki, Çin müxtəlif dövlətlərin problemlərinin həlli ilə məşğul olmayacaq. Pekinin yeganə məqsədi beynəlxalq aləmdəki xaosdan istifadə edərək, Çinin iqtisadi-hərbi gücünü artırmaqdır. Bu, Çin parlamentinin bu gün işə başlayan sessiyasında da əsas mövzu olacaq.

Parlamentin sessiyasında Kommunist Partiyasının hakim rolunun bir daha vurğulanacağı proqnozlaşdırılır. Cinpin partiyaya 2012-ci ildən rəhbərlik edir və bu gedişlə hələ uzun müddət hakimiyyətdə qalacaq. Cinpin sessiyada hökumətin əsas prioritetlərini açıqlayacaq”.