BAKI, 7 fevral.TELEQRAF

ABŞ-nin fəaliyyəti dayandırılmış Beynəlxalq İnkişaf Agentliyi (USAID) beynəlxalq media əməliyyatlarında da iştirak edibmiş.

Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, təşkilat 30-dan çox ölkədə 6200 jurnalisti, 707 mətbuat orqanını və 279 qeyri-hökumət media təşkilatını maliyyələşdirib. Eyni zamanda ABŞ-də yerləşən "Politico" və "New-York Times" kimi daha çox demokratyönümlü media qurumları da təşkilatın maliyyə ayırdığı media orqanları sırasında göstərilir.

"Politico" xəbər portalının bu yaxınlarda müxtəlif federal qurumlardan 8,1 milyon dollar ödəniş aldığını göstərən paylaşımı gündəmə gətirən amerikalı İlon Mask, "Associated Press" xəbər agentliyi və "New-York Times" qəzetinə edilən ödənişlər barədə də danışıb.

Digər tərəfdən, "Politico" xəbər portalının idarəçiləri, hökumətdən heç bir maliyyə alınmadığını və bunun yalnız “abunə xidməti” müqabilində həyata keçdiyini bildirərək, Maskın iddialarını yazılı şəkildə rədd ediblər.

Xatırladaq ki, Prezident Donald Tramp və amerikalı iş adamı İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) USAID-ə qarşı kəskin mövqeyi Agentliyin bağlanması ilə nəticələnib.